21 Şubat 2016 Pazar

Azərbaycan tarixi

İbtidai icma quruluşu.
   Bəşər cəmiyyətinin ilkin inkişaf dövrü ibtidai icma quruluşu adlanır. İbtidai icma quruluşu üç dövrə bölünür:
   * Daş dövrü
   * Tunc dövrü
   * Dəmir dövrü
   Dünyanın ən qədim insan məskənlərindən biri olan Azərbaycanda ilk insanlar 1,5 milyon il bundan əvvəl yaşamağa başlamışlar. Azərbaycanda qədim insanların məskunlaşmalarına şərait yaradan amillər aşağıdakılardır:
   * mülayim iqlim olması;
   * şirin su qaynaqlarının olması;
   * qida ehtiyatının olması;
   * təbii mağaraların olması.
   Azərbaycandakı ən qədim insan məskənləri bunlardır:
   * Qarabağda Azıx və Tağlar mağaraları;
   * Qazaxda Damcılı və Daşsalahlı mağaraları;
   * Naxçıvanda Qazma mağarası;
   * Kəlbəcərdə Zar mağarası;

Azıx mağarası


İbtidai icma quruluşunun inkişaf mərhələləri:
Daş dövrü:
Daş dövrü üç mərhələyə bölünür:
   * Paleolit-Qədim daş dövrü;
   * Mezolit-Orta daş dövrü;
   * Neolit-Yeni daş dövrü;
   İbtidai icma quruluşunun ilkin mərhələsi olan Paleolit dövrü də öz növbəsində üç mərhələyə bölünür.
   Alt Paleolit dövrü (ilk insan tipinin (bacarıqlı insan) yaranmasından 100 min il əvvələ qədər):
   Azərbaycanda bu dövr Qarabağın Quruçay vadisində yerləşən Azıx mağarasından aşkar edilmiş materiallar əsasında öyrənilmişdir. Azıx mağarasından əldə edilmiş materiallar aşağıdakılardır:
   * 700 min il əvvələ aid olan ocaq izi;
   * 350-400 min əvvəl yaşamış insanın (azıxantrop) alt çənə sümüyü;
   * tikili qalıqları;
   * daşdan düzəldilmiş əmək alətləri;
   * müxtəlif heyvanların sümükləri
və s.
   Azıx mağarasında yaşayan insanlar ibtidai dini təsəvvürlərə malik olmuş və sadə incəsənətlə məşğul olmuşdular. Bunu Azıx mağarasında tapılmış bəzi ayı kəllələrinin üzərində cızılmış müəyyən işarələr sübut edir. 

   Azərbaycanda Quruçay mədəniyyəti kimi səciyyəvi olan alt paleolit dövründə insanlar kiçik qruplar halında yaşayırdılar. İlk insan kollektivi olan belə qruplar "ulu icma"adlanırdı. Kortəbii yaranan ulu icma daimi deyildi və tez-tez dağılırdı.  


Hiç yorum yok:

Yorum Gönder